İyulun 16-da Azərbaycanda isti hava şəraiti davam edəcək.
Milli.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində havanın temperaturu bəzi rayonlarda 38 dərəcəyə çatacaq.
Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər saatlarında arabir güclənəcək.
Paytaxtda havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz isə 28-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 50-55 faiz təşkil edəcək.
Rayonlarda da havanın əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Lakin gündüz saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağıntı, şimşək və dolu ehtimalı var. Bəzi şimal və qərb rayonlarında yağıntıların güclənəcəyi gözlənilir.
Dağlıq ərazilərdə gecə və səhər saatlarında duman müşahidə oluna bilər. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Ölkə rayonlarında havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 34-38 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 14-18 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)