559 körpəyə "Haaland" adı verildi - Səbəb

15 İyul 2026 10:56

2026-cı il FIFA Dünya Çempionatında Norveç millisinin hücumçusu Erling Haaland Peruda böyük maraq doğurub.

Milli.Az xəbər verir ki, futbolçunun populyarlığı ölkədə yeni doğulan uşaqların ad seçimlərinə də təsir edib.

Peru Milli Şəxsiyyət və Vətəndaş Vəziyyəti Reyestrinin (RENIEC) məlumatına görə, dünya çempionatı zamanı yüzlərlə körpəyə Haalanddan ilhamlanan adlar qoyulub.

Bildirilib ki, 468 körpə "Haaland", 91 körpə isə "Erling Haaland" adı ilə qeydiyyata alınıb. Beləliklə, ümumilikdə 559 uşağa norveçli futbolçunun adı verilib.

Məlumata əsasən, bu tendensiya xüsusilə Norveç millisinin turnirdə uğurlu çıxışından və komandanın 1/4 finala yüksəlməsindən sonra daha da artıb.

Qeyd edək ki, Peruda məşhur futbolçuların adlarının uşaqlara verilməsi geniş yayılmış haldır. Ölkədə 33 mindən çox Neymar, 3 402 Messi (onlardan 292-si "Lionel Messi") və 1 185 Cristiano Ronaldo adlı şəxs yaşayır. Son illərdə isə Lamine Yamal və Kilian Mbappe adlarına da maraq artıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)