"Volkswagen"dən böyük ixtisar planı: 10 minlərlə insan işsiz qalacaq

15 İyul 2026 10:45

Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" maliyyə çətinlikləri fonunda restrukturizasiya proqramını genişləndirmək niyyətindədir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, şirkət model çeşidini iki dəfə azaltmağı, avtomobillərin komplektasiya variantlarını isə 75 faiz ixtisar etməyi planlaşdırır. Bununla yanaşı, istehsal gücünün illik 9 milyon avtomobil səviyyəsinə uyğunlaşdırılması nəzərdə tutulur.

Hazırlanan plan çərçivəsində dünya üzrə 100 minə qədər əməkdaşın işdən çıxarıla biləcəyi bildirilir.

"Volkswagen"in baş direktoru Oliver Blume isə Almaniyada fəaliyyət göstərən dörd zavodun bağlanmaması üçün alternativ həll yolları üzərində işlədiklərini açıqlayıb.

Onun sözlərinə görə, xərclərin optimallaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində istehsal olunan avtomobillərin maya dəyərini 20 faiz azaltmaq mümkün olub. Bundan əlavə, şirkətin yeni elektrik avtomobilləri xətti bazara çıxarıldıqdan sonra ilk həftələr ərzində 50 mindən çox satış qeydə alınıb.

Oliver Blume vurğulayıb ki, zavodların fəaliyyətini dayandırmaq əvəzinə daha səmərəli və uzunmüddətli həll yollarının tətbiqi şirkət üçün daha məqsədəuyğun hesab olunur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)