Gərgin iş rejimi, ev öhdəlikləri və gündəlik həyatın qayğıları cütlüklərin bir-birinə ayırdığı vaxtı azalda bilər. Son dövrlər populyarlaşan "2-2-2 qaydası" müntəzəm görüşlər, həftəsonu qaçışları və ortaq tətillərlə emosional bağı gücləndirməyi hədəfləyən praktik bir yanaşma təklif edir.
Milli.Az xəbər verir ki, gündəlik həyatın intensivliyi bir çox cütlüyün keyfiyyətli vaxt keçirməsinə mane olur. "2-2-2 qaydası" isə münasibətlərdə romantikanı və emosional yaxınlığı canlı saxlamaq üçün sadə bir planlama üsuludur.
"2-2-2 qaydası" nədir?
Bu qayda tərəfdaşların bir-birinə müntəzəm olaraq zaman ayırmasını əsas götürür:
Hər 2 həftədən bir: Yalnız ikinizin olacağı bir görüş planlayın (məsələn, romantik bir şam yeməyi).
Hər 2 aydan bir: Birlikdə bir həftəsonu keçirin (qısa bir səyahət və ya şəhərdən kənarda istirahət).
Hər 2 ildən bir: Yalnız ikinizin qatılacağı, daha uzunmüddətli bir tətilə çıxın.
Bu yanaşma sərt bir qanun deyil, münasibətin diqqətdən kənarda qalmaması üçün xatırladıcı bir planlama metodudur. Uzunmüddətli münasibətlərdə söhbətlər çox vaxt iş, uşaqlar, ev işləri və maddi məsələlər ətrafında fırlanır. Belə planlı görüşlər isə cütlüklərin yenidən bir-biri ilə dərin söhbətlər etməsinə, ortaq arzularını bölüşməsinə və emosional yaxınlığı qorumasına kömək edir.
Bahalı planlar şərt deyil
"2-2-2 qaydası"nın təməlində yüksək büdcəli təşkilatlar dayanmır. Göl kənarında gəzintiyə çıxmaq, birlikdə qəhvə içmək, evdə telefonsuz bir film gecəsi keçirmək və ya birlikdə yemək hazırlamaq kimi sadə fəaliyyətlər də münasibətə çox müsbət təsir göstərə bilər.
Saylardan çox, nizamlılıq vacibdir
Mütəxəssislər qeyd edirlər ki, hər kəsin həyat şəraiti fərqli olduğu üçün bu qaydanı olduğu kimi tətbiq etmək məcburi deyil. Əsas olan, tərəfdaşınıza qarşı müntəzəm və şüurlu şəkildə zaman ayırmaqdır. "2-2-2 qaydası" böyük romantik jestlərdən çox, kiçik, lakin davamlı diqqətin uzunmüddətli perspektivdə münasibətləri gücləndirdiyi düşüncəsi ilə populyarlığını qoruyur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)