Odessa sahilləri yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu gəminin dron hücumuna məruz qalması barədə mətbuat məlumatı 14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.
Bu barədə Milli.Az-a Azərbacan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
"Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir", - bəyanatda bildirilib.
Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür. Azərbaycanın Ukraynadakı Səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır, Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görür.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)