Müstəqil onlayn analitika və rəy platforması "The Liberum" 4-cü Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin sülh, regional təhlükəsizlik və Azərbaycanın beynəlxalq rolu ilə bağlı səsləndirdiyi əsas mesajlara həsr olunmuş məqalə dərc edib.
Milli.Az Trend-ə istinadla xəbər verir ki, Nəşrin qeyd etdiyi kimi, forumda Prezident İlham Əliyev Azərbaycanın suverenlik, məsuliyyət və regional əməkdaşlıq prinsiplərinə əsaslanan dünya baxışını təqdim edib.
"Müharibə nəticəsində əldə olunmuş sülhün sadəcə passiv şəkildə istifadə ediləcək bir vəziyyət deyil, fəal şəkildə qorunmalı olan dəyər olduğu fikri Prezidentin çıxışında ən aydın şəkildə səslənən mesajlardan biri idi", - məqalədə bildirilir.
Nəşr vurğulayır ki, Prezident İlham Əliyev işğalla heç vaxt barışmamaq barədə uzun illərdir müdafiə etdiyi mövqeyini bir daha təsdiqləyib. O, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək təcrübəsini xatırladaraq bildirib ki, eyni prinsip Bakının Ukraynanın ərazi bütövlüyünə ardıcıl dəstəyinin də əsasını təşkil edir.
"The Liberum" həmçinin Prezidentin belə bir mövqeyinə diqqət çəkir ki, qanuni məqsədlərə nail olunduqdan sonra hərbi əməliyyatların dayandırılması zəifliyin deyil, məsuliyyətli liderliyin göstəricisidir.
"İşğalın heç vaxt legitimləşdirilməməsi və eyni zamanda döyüş əməliyyatlarını nə vaxt dayandırmağın bilinməsi barədə bu iki mesaj bir-birinə zidd deyil. Əksinə, onlar Bakının 2020-ci ildən sonrakı təcrübəsinin mahiyyətini əks etdirir", - məqalədə qeyd olunur.
Daha sonra nəşr Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı fikirlərinə toxunur. Buraya Tramp administrasiyasının danışıqların irəlilədilməsində oynadığı rolun qiymətləndirilməsi, həmçinin Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və regionun nəqliyyat bağlantılarını dəyişdirə biləcək layihə kimi xarakterizə olunan TRIPP dəhlizi barədə şərhlər daxildir.
Məqalədə Prezident İlham Əliyevin Azərbaycanın beynəlxalq münasibətlərdə artan roluna dair qiymətləndirməsinə də yer verilib. Onun sözlərinə görə, Azərbaycan öz maraqlarını müdafiə etməyə və etibarlı vasitəçi kimi çıxış etməyə qadir olan orta gücə çevrilib.
Bundan əlavə, "The Liberum" dövlət başçısının Avropa Şurası Parlament Assambleyası və beynəlxalq siyasətdə "ikili standartlar" adlandırdığı məsələlərlə bağlı fikirlərinə diqqət çəkərək, bunu forumun daha geniş mövzusu - həqiqətin bərpası və etimadın yenidən qurulması ilə əlaqələndirir.
"Ümumilikdə, Prezidentin Şuşadan səsləndirdiyi mesajlar özünü dəyişən regional nizamın passiv faydalananı deyil, onun fəal formalaşdırıcısı kimi görən bir ölkənin baxışını əks etdirir", - məqalədə vurğulanır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)