"Sabah"ın hücum xəttinə 5 milyon avroluq namizəd

14 İyul 2026 14:30

"Sabah" yeni mövsüm öncəsi hücum xəttini daha da gücləndirmək üçün transfer bazarında axtarışlarını davam etdirir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İspaniyanın "Kastelyon" klubunun formasını geyinən qvineyalı hücumçu Usman Kamaranın xidmətləri bir sıra iddialı komandalara təklif edilib.

Diqqətçəkən məqam isə bu siyahıda Azərbaycan klubu "Sabah"ın da adının yer almasıdır.

Mənbənin məlumatına əsasən, 23 yaşlı istedadlı forvard uğrunda böyük rəqabət yaşanır. Belə ki, qvineyalı oyunçu ilə "Sabah"la yanaşı, Cənubi Koreyanın "Ulsan HD", BƏƏ-nin "Əl-Əyn", Boliviyanın "Bolivar", Kolumbiyanın "Deportes Tolima" və Finlandiyanın HJK kimi tanınmış klubları da yaxından maraqlanırlar. Hücumçunu öz rənglərinə bağlamaq istəyən adıçəkilən klubların hər biri bu irimiqyaslı transfer üçün 5 milyon avrodan artıq vəsait ödəməyə hazırdır.

Xatırladaq ki, Usman Kamara arxada qalan mövsümdə La Liqa 2 təmsilçisinin heyətində çıxış etdiyi bütün turnirlərdə ümumilikdə 38 qarşılaşmada meydana çıxaraq, rəqib qapılarından 12 top keçirməyi bacarıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)