Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının növbəti nümayişi olub. Tamaşa bu dəfə Əməkdar artist, Prezident mükafatçısı Nahidə Orucovanın 65 illik yubileyinə həsr edilib.
Nümayişdən sonra Əməkdar artist, Prezident mükafatçısı Əkbər Əlizadə aktrisanın həyat və yaradıcılığı haqqında tamaşaçılara ətraflı məlumat verərək yubiliyarı teatrın rəhbərliyi və kollektiv adından təbrik edib. O eyni zamanda Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Fəxri fərmanını aktrisaya çatdırıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini Xalq artisti İlham Namiq Kamal Nahidə Orucovaya təbriklərini çatdırıb, yeni yaradıcılıq uğurları arzulayıb və qurumun "Teatr fədaisi" medalını ona təqdim edib.
Qeyd edək ki, Nahidə Orucova tamaşada Cahan xala obrazını canlandırıb, onunla yanaşı səhnədə Əməkdar artistlər Nərgiz Kərimova (Gülçöhrə), Əkbər Əlizadə (Süleyman bəy), Nadir Xasiyev (Soltan bəy), aktyorlar Emin Zeynallı (Əsgər), Mehriban Zaliyeva (Asya), Ülviyyə Əliyeva (Telli), Ruslan Mürsəlov (Vəli), həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.
Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bərpaçı rejissoru Əhəd Hacıyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti isə Sevinc Məmmədovadır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)