Media Mükəmməllik Mərkəzi D-8 üzv dövlətlərinin KİV-ləri arasında əməkdaşlıq platformasına çevriləcək - Hikmət Hacıyev

13 İyul 2026 19:01

D-8 Media Mükəmməllik Mərkəzi təşkilata üzv dövlətlərin jurnalistləri və kütləvi informasiya vasitələri arasında qarşılıqlı əməkdaşlıq üçün praktik platformaya çevriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin Strateji Konsepsiyasının təqdimatı zamanı deyib.

"Bu gün məmnunluqla bəyan edirəm ki, bütün üzv dövlətlərin yekdil dəstəyi ilə D-8 Media Mükəmməllik Mərkəzi artıq reallığa çevrilir və jurnalistlər, eləcə də kütləvi informasiya vasitələri arasında qarşılıqlı fəaliyyət üçün praktik platforma olacaq", - deyə o bildirib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan yeni mərkəzin fəaliyyətinə tam dəstək verir. O, platformanın D-8 ölkələrinin jurnalistləri və media təşkilatları arasında əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinə və peşəkar əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

H.Hacıyev həmçinin təşkilata üzv dövlətləri və onların media qurumlarını mərkəzin fəaliyyətində fəal iştirak etməyə çağıraraq vurğulayıb ki, bu təşəbbüs bütün D-8 ölkələri və onların media ictimaiyyətinə məxsusdur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)