Yəmən silahlı qüvvələri İran təyyarəsinin Səna hava limanına enişinin qarşısını almaq məqsədilə hava limanının uçuş-enmə zolağına zərbə endirib.
Bu barədə Yəmən Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, İranın dəstəklədiyi husilər Yəmənin milli aviasiyasına məxsus təyyarələrin Səna hava limanına enişinə qadağa qoyub, eyni zamanda İran təyyarələrinin ölkə ərazisinə daxil olmasında israr ediblər. Bildirilib ki, bu səbəbdən hava limanının uçuş-enmə zolağı hədəfə alınıb.
Məlumata görə, əməliyyatdan əvvəl Müdafiə Nazirliyi Səna hava limanının təxliyə olunmasını tələb edib və əhaliyə hava limanının ətrafına yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
Nazirlik həmçinin bəyan edib ki, Yəmən ordusu ölkənin hava məkanını pozmağa cəhd göstərəcək istənilən təyyarəyə qarşı tədbir görməyə hazırdır. Açıqlamada bu addımların ölkənin milli suverenliyinin qorunmasına xidmət etdiyi vurğulanıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)