Yayda hansı meyvələri yemək daha faydalıdır?

13 İyul 2026 20:34
Yay mövsümü meyvə bolluğu ilə seçilir.
 
Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, mövsümi meyvələrin müntəzəm qəbulu orqanizmin vitamin və mineral ehtiyacının qarşılanmasına, həmçinin isti havalarda maye balansının qorunmasına kömək edir.

Yayın ən faydalı meyvələrindən biri qarpız hesab olunur. Tərkibində yüksək miqdarda su olan bu meyvə orqanizmin susuzlaşmasının qarşısını almağa kömək edir. Yemiş də kalium, C vitamini və beta-karotinlə zəngin olduğu üçün sağlam qidalanmada mühüm yer tutur.

Şaftalı və ərik lif, C vitamini və A vitamini mənbəyi kimi həzm sisteminin və göz sağlamlığının dəstəklənməsində faydalı hesab edilir. Gilas və albalı isə antioksidantlarla zəngin olduğundan orqanizmdə iltihabın azalmasına və ümumi sağlamlığın qorunmasına töhfə verə bilər.

Bundan əlavə, gavalı, moruq, böyürtkən və qaragilə də lif və antioksidantlarla zəngin meyvələr sırasında yer alır. Üzüm isə enerji verən meyvələrdən olsa da, tərkibindəki təbii şəkərin yüksək olması səbəbindən normada qəbul edilməsi tövsiyə olunur.

Mütəxəssislər qeyd edirlər ki, sağlam qidalanma üçün tək bir meyvəyə üstünlük vermək əvəzinə, müxtəlif mövsümi meyvələri növbə ilə qəbul etmək daha məqsədəuyğundur. Bu, orqanizmin müxtəlif vitamin və minerallarla təmin olunmasına kömək edir.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)