2010-cu il dünya çempionatının ən yaxşı futbolçusu seçilən Dieqo Forlan Uruqvay milli komandasının yeni baş məşqçisi olub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Uruqvay Futbol Assosiasiyası ilə Dieqo Forlan arasında 2027-ci ilin mart ayınadək müqavilə imzalanıb. Müqavilənin müddəti başa çatdıqdan sonra tərəflər əməkdaşlığın davam etdirilib-etdirilməyəcəyi barədə qərar verəcəklər.
47 yaşlı mütəxəssis bu vəzifədə 2023-cü ildən komandaya rəhbərlik edən Marselo Byelsanı əvəzləyib. Marselo Byelsanın rəhbərliyi altında Uruqvay millisi 2026-cı il dünya çempionatına vəsiqə qazansa da, turnirdə qələbə əldə edə bilməyərək qrup mərhələsində mübarizəni dayandırıb.
Məşqçilik karyerasına 2019-cu ildə "Penyarol" klubunda başlayan Dieqo Forlan daha sonra "Atenas" komandasını çalışdırıb.
Futbolçu kimi isə Dieqo Forlan zəngin karyeraya sahib olub. O, İngiltərədə "Mançester Yunayted", İspaniyada "Vilyarreal" və "Atletiko", İtaliyada "İnter" formalarını geyinib. Bundan başqa, Argentina, Braziliya, Yaponiya, Hindistan və Honkonq çempionatlarında da çıxış edib.
"Mançester Yunayted" ilə İngiltərə çempionluğu, İngiltərə Kuboku və Liqa Kubokunu qazanan uruqvaylı futbolçu, "Atletiko" ilə UEFA Avropa Liqasının və UEFA Superkubokunun qalibi olub.
Dieqo Forlan Uruqvay millisinin heyətində keçirdiyi 112 oyunda 36 qola imza atıb və yığmanın tarixində ən məhsuldar futbolçular siyahısında üçüncü pillədə qərarlaşıb. O, 2011-ci ildə milli komanda ilə Amerika Kubokunu qazanıb.
Qeyd edək ki, Dieqo Forlan 2010-cu il dünya çempionatında göstərdiyi möhtəşəm performansa görə turnirin ən yaxşı futbolçusu seçilmiş, vurduğu beş qolla isə yarışın ən məhsuldar oyunçularından biri olmuşdu.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)