ABŞ Silahlı Qüvvələrinin İranın qərbində yerləşən Xuzistan əyalətinə həyata keçirdiyi hava zərbələri nəticəsində azı bir nəfərin öldüyü, dörd nəfərin isə yaralandığı bildirilir.
Milli.Az xəbər verir ki,İranın rəsmi xəbər agentliyi IRNA-nın yaydığı məlumata görə, hücum zamanı mərmilərdən biri nasos stansiyasına düşüb. Nəticədə obyektin mühafizəçisi həyatını itirib. Yaralanan şəxslərin vəziyyətinin nəzarətdə saxlanıldığı qeyd olunur.
Məlumata əsasən, ABŞ tərəfindən İranın müxtəlif bölgələrində yerləşən ən azı 13 şəhər hədəfə alınıb. Hava zərbələrinin Abadan, Əhvaz, Bəndər-Abbas, Bəndər-Mahşəhr, Bəhbəhan, Buşehr, Cask, Dizful, Keşm, Sirik, Xondab, Xürrəmşəhr və Əndiməşk şəhərlərinə endirildiyi bildirilir.
Hücumların digər şəhərlərdə yaratdığı itkilər və yaralananların sayı barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)