IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə çatıblar (Foto)

12 İyul 2026 18:21

"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtına səfəri başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, forum iştirakçıları təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumunda 54 ölkədən 160-a yaxın xarici qonağın iştirakı gözlənilir. Onların sırasında 30-a yaxın beynəlxalq informasiya agentliyinin nümayəndələri, 60-dan çox aparıcı media qurumu, həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin təmsilçiləri yer alırlar. Forum iştirakçıları arasında xarici media nümayəndələri ilə yanaşı, Azərbaycan mediasının nümayəndələri, ekspertlər və rəsmi şəxslər də var.

Açılış mərasimindən sonra forum media quruculuğunda sülhün rolu, ictimai etimadın bərpası, dezinformasiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, eləcə də süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika məsələlərinə həsr olunmuş panel müzakirələri, interaktiv sessiyalar və ikitərəfli görüşlərlə davam edəcək.

Forum iyulun 13-14-də keçiriləcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)