NATO-nun Ankarada keçirilən sammitindən sonra ABŞ Prezidenti Donald Trampın Ukraynaya müəyyən rəğbət nümayiş etdirməsi Kremli mürəkkəb diplomatik vəziyyətə salıb. Çünki Moskva Ağ Evin əsas üstünlük verəcəyi tərəfin məhz Rusiya olacağını gözləyirdi.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı siyasi ekspert İvan Preobrajenski bildirib.
Ekspert xatırladıb ki, sammit zamanı Tramp Ukraynaya "Patriot" raketlərinin lisenziya əsasında istehsalına icazə verməyə hazır olduğunu bildirib, həmçinin Ukrayna səmasının müdafiəsinin gücləndirilməsinin mümkünlüyünü istisna etməyib. Bundan əlavə, o, Ukraynanın Rusiyanın yanacaq-enerji kompleksinə endirdiyi zərbələri müharibənin daha tez başa çatmasına kömək edə biləcək amil kimi müsbət qiymətləndirib.
Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən sonra yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinə zəng etmək niyyətində olduğunu da açıqlayıb.
Onun sözlərinə görə, məhz bu bəyanat Moskvanın dərhal reaksiyasına səbəb olub. Rusiya tərəfi telefon danışığına dərhal razılıq versə də, gözlənilən zəng baş tutmayıb. Preobrajenskinin fikrincə, bu, Kremli narahat vəziyyətdə qoyub, çünki gözlənilən təmas nəticəsiz qalıb.
Ekspert qeyd edir ki, Kreml əvvəllər Trampın Ukrayna ilə bağlı danışıqlarda vasitəçi roluna qayıdacağına ümid edirdi:
"Sammitdən sonra Vaşinqton yanaşmasını dəyişmiş ola bilər və artıq Moskvanın kompromisə hazır olduğuna dair əlamətlər olmadan danışıqlar aparmağa çalışmır".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)