Ata və oğul gizli görüşüb

12 İyul 2026 00:55

Böyük Britaniya kralı III Çarlz və kraliça Kamilla oğlu şahzadə Harri, onun həyat yoldaşı Meqan Markl və övladları Arçi ilə Lilibeti gizli şəkildə qəbul edib.

Milli.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Bildirilib ki, ailə görüşü kralın Qlosterşirdə yerləşən şəxsi "Highgrove" malikanəsində baş tutub. Görüş tam məxfi şəraitdə keçirilib. Malikanənin yerləşdiyi ərazi həm III Çarlzın rəsmi tədbirlərdə iştirak etdiyi Oksfordşirə, həm də şahzadə Harrinin ictimai tədbirdə olduğu Birmingemə yaxın olduğundan məkan təsadüfi seçilməyib.

Məlumata görə, bu görüş kral üçün xüsusi əhəmiyyət daşıyıb. O, nəvələri Arçi və Lilibeti sonuncu dəfə 2022-ci ildə görmüşdü. III Çarlz şahzadə Harri ilə isə ötən ilin sentyabrından bəri görüşməmişdi.

Qeyd olunub ki, görüşdən əvvəl Harrinin komandası onun Böyük Britaniyaya səfəri zamanı Bukinqem sarayında qalmaq dəvətini qəbul etdiyi barədə məlumat yaymışdı. Lakin mənbələrin sözlərinə görə, şahzadə uzun müddət atasının dəvətini rədd edib, razılıq verəndə isə artıq gec olub.

Bukinqem sarayı görüşlə bağlı açıqlama verməkdən imtina edərək bunun "şəxsi ailə görüşü" olduğunu bildirib.

Mənbələr qeyd edirlər ki, III Çarlz və Harri arasında münasibətlər tədricən normallaşsa da, şahzadənin qardaşı Uilyamla münasibətlərində yaxın vaxtlarda müsbət dəyişiklik gözlənilmir.(Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)