Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu çimərliklərə üz tutan vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, yay mövsümündə, xüsusilə həftəsonları su hövzələrində istirahət edənlərin sayı artır. Buna baxmayaraq, aparılan maarifləndirmə tədbirlərinə rəğmən bəzi şəxslərin təhlükəsizlik qaydalarını pozması sonda faciəvi hadisələrə səbəb olur.
FHN bir daha xatırladıb ki, çimərlik kimi nəzərdə tutulmayan ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək, çimmə zonasının sərhədlərini keçmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş vəziyyətdə suya daxil olmaq, suda kobud hərəkətlər etmək, eləcə də xilasetmə texnikasından başqa qayıq və kiçik gəmilərlə çimərlik ərazisinə daxil olmaq qadağandır.
Qurum valideynlərə uşaqları nəzarətsiz buraxmamağı, xəbərdaredici nişanlara və xilasedicilərin göstərişlərinə əməl etməyi tövsiyə edib. Həmçinin qızmar günəş altında uzun müddət qalmağın və hava qaraldıqdan sonra suya girməyin təhlükəli olduğu vurğulanıb.
FHN xatırladıb ki, təhlükə zamanı 112 qaynar xəttinə zəng edilməlidir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)