Rusiya Kiyevə hava zərbələri endirdi: Yaralananlar var

11 İyul 2026 09:35

Rusiya ordusu iyulun 11-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə növbəti hava hücumu həyata keçirib.

Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücum nəticəsində azı 10 nəfər yaralanıb. Yaralananlar arasında 11 yaşlı uşağın da olduğu bildirilib.

Məlumata əsasən, Solomyanski rayonunda üçmərtəbəli ofis-anbar binasında, Dneprovski rayonunda isə anbar sahəsində yanğın baş verib.

Darnitski rayonunda raket yolun hərəkət hissəsinə düşüb. Nəticədə işıqforları idarə edən elektrik yarımstansiyası yanıb, yaxınlıqdakı yaşayış binalarının pəncərələri sınıb.

Yanğınların söndürüldüyü, zərərçəkmiş ərazilərdə isə xilasetmə və bərpa işlərinin davam etdirildiyi qeyd olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)