Ağstafada avtomobil su arxına düşdü

10 İyul 2026 21:19

Ağstafanın Həsənsu kəndi ərazisində iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qarşı-qarşıya hərəkətdə olan nəqliyyat vasitələrinin toqquşması nəticəsində zərbənin şiddətindən maşınlardan biri yoldan çıxaraq su arxına düşüb.

Hadisə nəticəsində hər iki sürücü -1970-ci il təvəllüdlü Hicran Əmiraslanov və 1978-ci il təvəllüdlü Vüsal İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. İlkin tibbi müdaxilədən sonra onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)