“Seltik”ə keçən Kamilo Duran ilk dəfə danışdı

10 İyul 2026 13:41

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın heyətində növbəti ayrılıq rəsmiləşib.

Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi kolumbiyalı hücumçu Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın "Seltik" klubunun təklifini müsbət cavablandırıb.

Klubun yaydığı məlumata görə, futbolçunun istəyi də nəzərə alınıb və tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb. Nəticədə, klublar transferlə bağlı tam razılığa gəliblər.

Keçidi ilə bağlı "Seltik"in mətbuat xidmətinə danışan Kamilo Duran deyib:

"Çempionlar Liqasında oynamaq gerçəkləşən arzu idi. Uşaqlıqdan belə turnirlərdə çıxış etməyi xəyal edirsən. Orada qol vurmaq inanılmaz idi və mən bunu burada da davam etdirmək istəyirəm.

Hər oyunda maksimum gücümlə çıxış edirəm, çox çalışıram və ümid edirəm ki, qollar gələcək.

"Seltik"də oynayan ilk kolumbiyalı olmaq mənim üçün böyük şərəfdir. Uşaqlıqdan millidə çıxış etməyi arzulamışam və ümid edirəm ki, burada uğurlu çıxış edərək bir gün bu arzuma da çatacağam".

Qeyd edək ki, 2025-ci ilin yayından "Qarabağ"ın formasını geyinən Kamilo Duran bu müddətdə komandanın heyətində 45 oyuna çıxıb, 15 qola imza atıb. Hücumçu Ağdam klubu ilə birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-off mərhələsində də iştirak edib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)