"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyi (Baku Network) Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək" layihəsi çərçivəsində növbəti tədbir keçirib.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, tədbirdə ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələri, ictimai fəallar, blogerlər, media nümayəndələri və nüfuzlu ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Trend BİA-nın direktor müavini, layihənin təlimçi-eksperti Sahil Kərimli bildirib ki, layihənin məqsədi gənclər, ictimaiyyət nümayəndələri və ekspertlər arasında zərərli xarici təsirlər və saxta xəbərlərlə mübarizə istiqamətində maarifləndirməni gücləndirməkdir.
Onun sözlərinə görə, son dövrlər Azərbaycana qarşı milli-mənəvi dəyərlərin, ailə institutunun və dövlətçilik prinsiplərinin zəiflədilməsinə yönəlmiş xarici təsirlər müşahidə olunur və bu cəhdlərə qarşı cəmiyyət daha ayıq olmalıdır.
Daha sonra çıxış edən "Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinin sədri, layihənin rəhbəri Elçin Ağacanov bildirib ki, hibrid təhdidlərə qarşı mübarizə artıq şüarlar deyil, peşəkar və sistemli fəaliyyət tələb edir.
O qeyd edib ki, "Bakı Network" dünyanın 28 aparıcı araşdırma və tədqiqat institutu ilə əməkdaşlıq edir və hər gün 8 dildə analitik materiallar hazırlayaraq Azərbaycanın informasiya məkanında mövqeyinin gücləndirilməsinə töhfə verir.
Elçin Ağacanov vurğulayıb ki, müasir dövrdə "saxta xəbər" anlayışı "hibrid xəbər" anlayışı ilə əvəzlənir. Onun sözlərinə görə, manipulyasiya artıq təkcə yalan məlumat yaymaqla deyil, faktların kontekstdən çıxarılması və ya natamam təqdim olunması yolu ilə həyata keçirilir.
O əlavə edib ki, Azərbaycana qarşı da müxtəlif beynəlxalq platformalarda belə informasiya manipulyasiyalarından istifadə olunur və buna operativ, faktlara əsaslanan cavablar verilməlidir.
Layihə rəhbəri bildirib ki, hibrid təhdidlərə qarşı mübarizədə dövlət qurumları, qeyri-hökumət təşkilatları, media və ekspert icması arasında koordinasiyanın gücləndirilməsi vacibdir.
Onun fikrincə, bu sahədə vahid analitik və kommunikasiya mexanizminin yaradılması, sosial şəbəkələrdə yayılan dezinformasiyaya operativ reaksiya verilməsi və gənc mütəxəssislərin bu prosesə daha fəal cəlb olunması əsas prioritetlərdən biri olmalıdır.
Daha sonra BAMF sədri Umud Mirzəyev, siyasi ekspert və analitiklər - Əli Mustafayev, Fikrət Sadıqov, Müşfiq Ələsgərdi, Rəşad Bayramov və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini səsləndiriblər. Tədbir tələbələrin müzakirələri ilə davam edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)