ABŞ-nin İrana qarşı keçirdiyi hərbi əməliyyatların ilk həftələrində USS Boxer amfibiya hücum gəmisinin texniki nasazlıq səbəbindən döyüş tapşırıqlarını yerinə yetirə bilmədiyi məlum olub.
Milli.Az Newsmax-a istinadən xəbər verir ki, ABŞ-nin İrana qarşı dəniz blokadası tətbiq etməyi və Xarq adasını nəzarətə götürməyi planlaşdırdığı dövrdə 11-ci dəniz ekspedisiya bölməsini daşıyan USS Boxer mühərrikində yaranan problem səbəbindən fəaliyyətini dayandırıb.
Bildirilir ki, Yaxın Şərq istiqamətində hərəkət edən gəmi təmirə ehtiyac duyduğundan bölgədəki qüvvələrə qoşula bilməyib. Nəticədə USS Boxer və onun göyərtəsində olan minlərlə dəniz piyadası Hind okeanındakı Dieqo Qarsiya birgə Britaniya-Amerika bazasında təmir işlərinin başa çatmasını gözləməli olub.
Adı açıqlanmayan ABŞ rəsmisi Newsmax nəşrinə açıqlamasında bildirib ki, USS Boxer ən vacib məqamlardan birində müvəqqəti olaraq sıradan çıxmışdı.
Mənbələrin iddiasına görə, yaranmış nasazlıq ABŞ rəhbərliyinin İrana qarşı nəzərdə tutduğu hərbi variantların bir hissəsini həyata keçirməsini çətinləşdirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)