ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin ilk oyunu baş tutub.
Milli.Az xəbər verir ki, Foksboro şəhərindəki Boston stadionunda keçirilən qarşılaşmada Fransa millisi Mərakeş seçməsi ilə üz-üzə gəlib. Argentinalı FIFA referisi Fakundo Telyonun idarə etdiyi matç Fransa yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı 60-cı dəqiqədə Kilian Mbappe açıb. Cəmi altı dəqiqə sonra Usman Dembele fərqlənərək komandasının üstünlüyünü möhkəmləndirib.
Bu nəticə ilə Fransa millisi dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib. Avropa təmsilçisi növbəti mərhələdə İspaniya - Belçika cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi DÇ-2026 iyulun 19-da başa çatacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)