İngilis mətbəxinin ən sevilən klassiklərindən biri olan "Cottage pie" sadə ərzaqlarla hazırlansa da, dadı ilə yaddaşlarda qalır. Qiyməli içliyin üzərinə yayılan yumşaq kartof püresi və sobada qızaran pendir qatı bu yeməyi həm ailəvi naharlar, həm də qonaq dəvətləri üçün ideal edir.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
Kartof püresi üçün:
3 ədəd kartof
1 stəkan süd
1 xörək qaşığı kərə yağı
1 çay qaşığı duz
Yarım çay qaşığı qara istiot
İçlik üçün:
400 qram qiymə
1 ədəd quru soğan
1 ədəd kök
1 ədəd yaşıl bibər
1 xörək qaşığı tomat pastası
1 xörək qaşığı bitki yağı
1 çay qaşığı duz
Yarım çay qaşığı qara istiot
1 stəkan rəndələnmiş kaşar pendiri
Hazırlanma qaydası:
Kartofları soyub kub şəklində doğrayın və tam yumşalana qədər qaynadın. Qaynadıqdan sonra suyunu süzün. Üzərinə süd, kərə yağı, duz və qara istiot əlavə edərək hamar bir püre halına gətirin.
Ayrı bir tavada qiyməni suyu çəkilənə qədər qovurun. Bitki yağını əlavə edin. İncə doğranmış soğanı və sürtgəcdən keçirilmiş kökü əlavə edib bir neçə dəqiqə qovurun.
Xırda doğranmış bibəri və tomat pastasını əlavə edib qarışdırın. Duz və istiotu da qatıb içliyi bir neçə dəqiqə daha bişirin.
Qiyməli içliyi soba qabına bərabər şəkildə yayın. Hazırladığınız kartof püresini spatula (və ya qaşıq) vasitəsilə qiymənin üzərinə səliqəli şəkildə yayın.
Ən üstdən rəndələnmiş kaşar pendirini səpin. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada təxminən 15 dəqiqə, üzəri qızarana qədər bişirin.
Sobadan çıxardıqdan sonra bir neçə dəqiqə dinləndirin və isti şəkildə süfrəyə verin.
Nuş olsun!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)