"Çox məsuliyyətli olmalıyıq, gözləntilər böyükdür" - Qurban Qurbanov

9 İyul 2026 23:09

"Qarabağ" Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri"yə 3:0 hesabı ilə qalib gəlib. 

Milli.Az "sportal.az"a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:

"Azarkeşlərə təşəkkür edirəm ki, stadionu tam doldurmuşdular. Sanki Çempionlar Liqasının oyunundaydılar. İlk oyundan başa düşdük ki, biz çox məsuliyyətli olmalıyıq, çünki azarkeşlərin bizdən gözləntisi böyükdür. Bu da bizə əlavə motivasiya və məsuliyyət verdi.

Futbolçularımı təbrik edirəm, bu qələbə çox vacib idi. Ümumi oyun planında bəzi narahatlıqlarım var idi. Futbolçuların hazırlığı fərqli səviyyələrdədir və ikinci hissənin ortalarında yorğunluq hiss olundu. Lakin bəzi dəyişikliklərdən sonra matçın tempi qalxdı və sonda 3:0 hesabı ilə qalib gəldik. Rəqib çox yaxşı müdafiə olunan, bir-birini düzgün sığortalayan komanda idi və bizi dərindən analiz etmişdilər. Hesab da göstərir ki, cavab oyununda eyni məsuliyyəti qorumalıyıq. Bu matçın bir qədər gərgin keçməsi bizim xeyrimizə olacaq.

Həmçinin "Sabah" və "Zirə"ni də təbrik edirəm. Çox yaxşı qalibiyyətlər əldə etdilər. Bu uğurlar həm ümumi əmsallarımızı artırır, həm də ölkə reytinqi üçün çox vacibdir. Hər bir komandamıza növbəti mərhələlərdə uğurlar arzulayıram".

- Montielin iştirak ərizəsindən kənarda qalması zədə ilə bağlı idi?

- Xeyr, zədəyə görə deyildi. Bütün oyunçuları iştirak ərizəsinə daxil edə bilmirik. Hansısa futbolçu bu gün kənarda qaldısa, növbəti turda oynaya bilər.

- Hazırda hansı mövqelər üzrə transfer çalışmaları gedir?

- Qapıçı mövqeyindən başqa, demək olar ki, bütün digər mövqelər üçün axtarışlarımızı davam etdiririk.

- Julio Romao və Yassin Benziyanın komandaya qayıtması ehtimalı varmı?

- Bildiyim qədərilə Romao artıq başqa klubla müqavilə bağlayıb. Benziya ilə bağlı isə fikir mübadiləsi olmayıb.

- Əli Bəşirovla bağlı planlarınız nələrdir? 

- İlk oyunlarda çox diqqətli olmalıyıq. Bəzi futbolçuların fərqli hazırlıq səviyyəsini nəzərə alıb rotasiyalar etməliyik. Cavab matçında məhz hansı rotasiyaları edəcəyimizi indidən deyə bilmərəm, bunun üçün beş günlük hazırlıq prosesimizə və futbolçuların durumuna baxacağıq. Əli Bəşirova gəldikdə isə, o, hazırlığın ilk günündən bizimlədir. Kollektivin tam bir parçası olması üçün ona maksimum şərait yaradacağıq. Qabiliyyətli və istedadlı gəncdir. İmkan düşdükcə oynamasına şərait yaradacağıq. Meydana çıxmasa belə, komandanın içində olması, ab-havanı və məsuliyyəti hiss etməsi onun üçün böyük təcrübədir. Biz hər bir gəncin futbolçu kimi inkişafı üçün əlimizdən gələni edirik.

- Zakaria Savonun performansı barədə nə düşünürsünüz?

- Hələ ideal formasında deyil və öz üzərində çox çalışmalıdır. Bəzi elementlərdə yaxşıdırsa, digərlərində müəyyən çatışmazlıqları var. Duranın da özünəxas keyfiyyətləri var idi. Maksimum istifadə edirdik. O da olsaydı, pis olmazdı. 

- Elvin Cəfərquliyevin qayıdışı başqa klublara transferinin baş tutmaması ilə əlaqədardır, yoxsa onu bağışlamısınız?

- Başqa kluba transferi alınsaydı, təbii ki, etiraz etməyəcəkdik. Ümumiyyətlə isə o, artıq komandaya qayıdıb. Bu barədə çox geniş məlumat verməyə ehtiyac görmürəm. Bəzi görüşlərimiz oldu. İstəmərik ki, istər yerli, istərsə də əcnəbi gənc futbolçumuz futboldan kənarda qalsın. Amma qayda-qanunlar var və hamımız buna əməl etməliyik. Lazım gələndə sərt reaksiyalar da veririk.

- Mateus Silvanın da komandadan gedəcəyi ilə bağlı xəbərlər dolaşır...

- O, bizimlə qalacaq. Bəli, onunla maraqlanan klublar var idi, lakin Mateus karyerasını burda davam etdirəcək.

- Əgər Əli Bəşirova rəsmi təklif gələrsə, getməsinə şərait yaradacaqsınız?

- Biz onun üçün ən yaxşısını etməyə çalışacağıq. Gələcəyi üçün faydalı olacaqsa və yaxşı klubdan təklif gələrsə, klub olaraq buna heç bir halda mane olmarıq. Bəlkə də hələlik burada qalması onun üçün daha xeyirlidir, çünki gəncdir. İstənilən halda, onun karyerası üçün ən doğrusu nədirsə, o addımı da atacağıq.

- Siz komandanın rəhbərisiniz. Media tərəfindən onun haqqında bu qədər çox yazılması gələcəkdə gənc futbolçu üçün problem yarada bilər?

- Komandanın rəhbəri deyiləm, baş məşqçisiyəm (red.- gülür). İnanmıram ki, onda belə fikir olsun. Özünəməxsus xarakteri və həyat tərzi var. Mətbuatın diqqətinin onun gələcəyi üçün problem yaradacağını düşünmürəm. Həm ailəsi onunla çox ciddi ünsiyyət qurur, həm də klubda hamı ona öz övladı kimi yanaşır və dəstək olur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)