İlham Əsgərov: “Milli Teatrın yeni mövsüm üçün planları və hədəfləri böyükdür” - FOTO

9 İyul 2026 18:31

"153-cü teatr mövsümü Akademik Milli Dram Teatrının kollektivi üçün əlamətdar hadisələrlə yadda qaldı. Mövsüm ərzində teatrımız təkcə yeni səhnə əsərləri ilə öz tamaşaçılarının görüşünə gəlmədi, eyni zamanda korifey sənətkarımızın əziz xatirəsinə həsr olunan müxtəlif anım tədbirləri və yubileylər keçirdi, beynəlxalq əlaqələrini genişləndirdi". 

Bunu Milli.Az-a açıqlamasında Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov deyib. O, bildirib ki, mövsüm ərzində "Baş", "Bayquş gəldi, yaxud bir az məhəbbətdən danışaq", "Ləng: zamanla yarışan insan", "Aydın", "Kral Lirin faciəsi", "Gözəl və bədheybət" tamaşalarının premyerası keçirilib. Bir neçə gündən sonra isə Dostoyevskinin "Dayının yuxusu" əsəri əsasında hazırlanan tamaşanın daxili baxışı olacaq: 

"Mövsüm ərzində Akademik Milli Dram Teatrı Qırğızıstan, Özbəkistan, Çin, Qazaxıstan milli teatrları və Şəki Dövlət Dram Teatrı ilə Memorandum imzalayıb, Türkiyə Dövlət Teatrları və İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları ilə əməkdaşlığa başlayıb. Qeyd edim ki, Azərbaycan teatr tarixində ilk dəfə olaraq, Çin milli teatrları ilə əməkdaşlığa başlamışıq. Bu, bizim üçün təkcə səhnə texnikası təcrübəsinin öyrənilməsi və tətbiqi üçün deyil, eyni zamanda müasir teatr estetikasının və meyllərinin mənimsənilməsi üçün də vacibdir.

İndiyədək Memorandum imzaladığımız teatrlar ilə əməkdaşlığı mərhələli şəkildə həyata keçiririk. Şota Rustaveli adına Gürcüstan Milli Teatrı ilə imzalanan əməkdaşlıq müqaviləsinin bəndlərinə uyğun olaraq, dünya şöhrətli rejissor Robert Sturuanın "Zəncirlənmiş prometey" tamaşası səhnəmizdə nümayiş olundu. Eyni zamanda Akademik Milli Dram Teatrının "Şükriyyə" tamaşası Rustaveli Teatrının səhnəsində oynanıldı. Daha sonra bu teatrın baş rejissoru David Sakvaralidze səhnəmizdə "Kral Lirin faciəsi" tamaşasına quruluş verdi və bu tamaşa ilə Konya Beynəlxalq Teatr Festivalında böyük uğurla iştirak etdik. Yanka Kupala adına Belarus Milli Teatrı ilə qurulan əməkdaşlıq əlaqələrinin ilk mərhələsi olaraq isə, bu teatrın baş direktoru, Belarus Parlamentinin deputatı Aleksandr Şestakovun iştirakı ilə "Müasir teatr: idarəçilik, maliyyələşdirmə, dövlət dəstəyi və özəl investisiyalar" mövzusunda görüş təşkil olundu.

10 mart - Milli Teatr Gününü türkdilli ölkələrin milli teatr rəhbərlərinin iştirakı ilə təntənəli şəkildə qeyd etdik. Tədbirdə Türkiyə Dövlət Teatrlarının Baş direktoru, məşhur aktyor Tamer Qaradağlı və İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının rəhbəri Ayşəgül İşsevər də iştirak etdi və iki qardaş ölkə arasında teatr sahəsindəki gələcək əməkdaşlığı müzakirə etdik".

İlham Əsgərov əlavə edib ki, mövsüm ərzində Həsən Həsənovun, Siyavuş Aslanın, Maqsud İbrahimbəyovun, Amaliya Pənahovanın, Səməndər Rzayevin, Bəxtiyar Vahabzadənin, Kamal Abdullanın, Əliabbas Qədirovun, Azər Paşa Nemətovun, Elçin Əfəndiyevin, Hamlet Xanızadənin yubiley tədbirlərini qeyd edilib:

"Milli Teatrın yeni mövsüm üçün planları və hədəfləri böyükdür. Noyabr ayında Çin Milli Dram Teatrının direktoru Tian Qinxin ölkəmizə səfəri planlaşdırılır. Çinin məşhur dramaturqu Lyu Şuqanın "Ölünün diriləri ziyarət etməsi" tamaşasının məşqləri aparılır. Sentyabr ayında isə Moldova Milli Teatrı ilə əməkdaşlıq əlaqələrinin ilkin addımı atılacaq.

Hazırda teatrımızda böyük səhnə üçün "Atılmış qadın", "Dayının yuxusu", "Ana" və "İki aktrisa üçün baş rol", Abbas Mirzə Şərifzadə adına səhnə üçün isə "Payız sonatası", "Kişi və qadın", "İvan İliçin ölümü" və "Dəmir sinif" tamaşalarının məşqləri aparılır. Yeni mövsümdə eyni zamanda Cəlil Məmmədquluzadənin "Kamança" pyesinin motivləri əsasında Vətən müharibəsi haqqında səhnələrin əlavəsi ilə yeni tamaşa hazırlanacaq. 
Xüsusən qeyd etmək istərdim ki, teatrımız gənc rejissor, dramaturq, aktyor, rəssam və bəstəkarlara dəstək verməyi özünün ən vacib istiqamətlərindən biri kimi müəyyən edib. Gənc rejissorlar xüsusi layihə əsasında tamaşalar hazırlayır, Mədəniyyət və İncəsənət Universitetini yeni bitirən istedadlı aktyorlar teatrın truppasına cəlb olunur. Onlar teatrımızın görkəmli sənətkarlarının diqqət və qayğısı altında eyni səhnəni böyük qürur hissi ilə öz ustadları ilə bölüşürlər.

Bütün bu işlərdə Akademik Milli Dram Teatrına yaxından dəstək verdiyi üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə öz dərin təşəkkürümüzü bildiririk. Daim bizimlə olan əziz tamaşçılarımıza hər zaman minnətdarlıq borcumuz var. Teatrımız mövsümü böyük ruh yüksəkliyi ilə başa vurdu. Qarşıda bizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyasından irəli gələn məsələlərin həlli istiqamətində teatrımızın üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyətli mövsüm gözləyir". 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)