Abşeron rayonunun Masazır kəndində, Akim Abbasov küçəsinin sakinləri məişət tullantıları ilə bağlı yaranmış problemdən narazıdırlar. Onlar ərazidə kifayət qədər zibil konteynerinin olmadığını və tullantıların vaxtında aparılmadığını bildirirlər.
Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, yığılıb qalan zibillərin yandırılması nəticəsində yaranan tüstü ətraf əraziyə yayılır, evlərə dolur və sakinlərin sağlamlığı üçün narahatlıq yaradır.
Sakinlərdən biri qeyd edib ki, artıq bir neçə ildir eyni problemlə üzləşirlər və vəziyyətdə ciddi dəyişiklik baş verməyib.
Küçədə gecə işıqlandırmasının olmaması da sakinlərin əsas şikayətlərindən biridir. Onların bildirdiyinə görə, işıq dirəkləri quraşdırılsa da, hazırda həmin ərazidə işıqlar fəaliyyət göstərmir.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, küçələrin işıqlandırılması istiqamətində işlər davam etdirilir.
Qurumdan qeyd olunub ki, yaranmış texniki problemlərin aradan qaldırılması üçün təmir işləri aparılır və yaxın günlərdə Masazır kəndinin həmin küçəsində gecə işıqlandırmasının bərpası planlaşdırılır.
Məişət tullantıları ilə bağlı isə bildirilib ki, yeni konteynerlərin alınması və köhnələrinin yenilənməsi mərhələli şəkildə həyata keçirilir. Qeyd olunub ki, cari ayın sonunadək sözügedən ərazidə də konteynerlərin dəyişdirilməsi nəzərdə tutulur.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)