Teleqramın qurucusu Pavel Durov Parisdə yenidən çətinliklə üzləşib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Agence France-Presse" agentliyi məlumat yayıb. Bildirilib ki, platformanın qanunsuz fəaliyyətlə əlaqəsi barədə aparılan istintaq çərçivəsində şirkətin təsisçisi Parisdə müstəntiqlər tərəfindən dindirilib.
Məlumata əsasən, 41 yaşlı sahibkar iş üzrə keçirilən dördüncü dindirmədə müstəntiqlərin qarşısında təxminən altı saat ifadə verib. Dindirmə başa çatdıqdan sonra Durovun vəkilləri bildiriblər ki, cinayət işinin başlanmasından təxminən iki il keçməsinə baxmayaraq, ittihamların əsaslı olduğunu sübut edən heç bir dəlil təqdim olunmayıb.
Müdafiə tərəfi Fransa məhkəmə orqanlarının hərəkətlərindən həm ölkə daxilində, həm də Avropa məhkəmə instansiyalarında şikayət verəcəyini açıqlayıb.
Xatırladaq ki, Pavel Durov 2024-cü ilin avqustunda Parisdə hava limanında saxlanılıb. O, teleqram platforması vasitəsilə qaçaqmalçılıq, çirkli pulların yuyulması və uşaq pornoqrafiyası məzmununun gizlədilməsində əlbir olmaqda şübhəli bilinirdi.
Həmin vaxt Durovla birlikdə olan sevgilisi Yuliya Vavilova yaşadığı güclü psixoloji gərginlik nəticəsində övladlarını itirib.
Daha sonra iş adamı 5 milyon avro məbləğində girov qarşılığında azadlığa buraxılıb. O, platformada moderasiya tədbirlərinin gücləndiriləcəyini bəyan etsə də, istifadəçilərin şəxsi yazışmalarını dövlət orqanlarına təqdim etməkdən imtina edib. Hazırda istintaq davam edir. Ötən ilin payızında isə Durova Fransa ərazisini tərk etməyə icazə verilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)