“Any Unboxing” dələduzluq piramidası ifşa edildi

8 İyul 2026 18:02

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) "Ponzi" sxemi əsasında fəaliyyət göstərən "Any Unboxing" adlı onlayn maliyyə dələduzluq piramidasına qarşı əməliyyat keçirib.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, son aylarda "Any Unboxing" platforması vasitəsilə vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı KMBİ-yə çoxsaylı müraciətlər daxil olub.

Araşdırmalar zamanı müəyyən edilib ki, piramidanı təşkil və idarə edən şəxslər onlayn qruplar vasitəsilə vətəndaşları sxemə cəlb edərək onlara müxtəlif məbləğlər müqabilində virtual qutular satıblar. İştirakçılara həmin qutuları hər gün açmaqla gəlir əldə edəcəkləri vəd edilsə də, qazanc kimi göstərilən vəsaitlər yalnız tətbiq daxilində yaradılmış profil hesablarında əks olunub. Bu vəsaitlərin heç bir iqtisadi əsası olmadığından onların nağdlaşdırılması mümkün olmayıb.

Bundan başqa, platformaya yeni üzvlər cəlb edən şəxslərə müxtəlif bonuslar vəd olunub. Bu üsulla 300-dən çox vətəndaş piramidaya cəlb edilib və onların hər birinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib.

Əməliyyat-texniki tədbirlərlə müəyyən olunub ki, piramida ölkə ərazisində Malayziya vətəndaşları Lee Kai Fatt və Ravi Sivadass tərəfindən təşkil edilib. Qanunsuz fəaliyyətin daha geniş yayılması və yeni iştirakçıların cəlb olunması isə Arzu Musayeva və Səbuhi Məmmədov tərəfindən həyata keçirilib.

Əməliyyat zamanı Ravi Sivadass, Arzu Musayeva və Səbuhi Məmmədov saxlanılıb. Lee Kai Fattın saxlanılması istiqamətində beynəlxalq axtarış elan edilib.

İlkin araşdırmalarla zərərçəkənlərə ümumilikdə 2,5 milyon manata yaxın maddi ziyanın dəydiyi müəyyən edilib. İstintaq zamanı zərərçəkənlərin sayının və onlara dəymiş ziyanın məbləğinin artacağı istisna olunmur.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)