Bulvarda yeni elektrikli faytonlar: Gəzmək 40 manatdır - (Video)

8 İyul 2026 16:39

Bakı Bulvarında istifadəyə verilən yeni elektrik faytonlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, videonu jurnalist Əzizə İsmayılova paylaşıb. Onun yaydığı görüntülərdə atlardan istifadə olunmadan hərəkət edən müasir elektrik fayton əks olunub.

Paylaşımda bildirilib ki, yeni elektrik faytonlarla gəzintinin qiyməti 40 manat təşkil edir. Məhz bu məbləğ və faytonların fərqli dizaynı sosial media istifadəçilərinin diqqətini cəlb edib.

Görüntülər qısa zamanda geniş yayılaraq müxtəlif rəylərə səbəb olub. Bəzi istifadəçilər atlardan istifadə edilməməsini müasir və heyvanlara qarşı daha humanist yanaşma kimi qiymətləndiriblər. Digərləri isə gəzinti üçün müəyyən olunan qiymətin yüksək olduğunu qeyd ediblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)