Makronun Ankarada səhər idmanı - (Foto-Video)

8 İyul 2026 16:24

NATO zirvə toplantısında iştirak etmək üçün Ankarada səfərdə olan Fransa Prezidenti Emmanuel Makron günə idmanla başlayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransa lideri komandasının müşayiəti ilə İran prospektindən Seğmenler parkına qədər uzanan marşrut üzrə səhər qaçışı edib.

Emmanuel Makronun məşqi zamanı təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil olunub. Həm parkın ərazisində, həm də ətraf küçələrdə təhlükəsizlik gücləndirilib, Seğmenler parkına vətəndaşların girişi isə müvəqqəti məhdudlaşdırılıb.

Səhər məşqini başa vuran Fransa Prezidenti daha sonra NATO sammitinin rəsmi proqramında nəzərdə tutulan tədbirlərdə iştirak etmək üçün ərazidən ayrılıb.

Qeyd edək ki, Emmanuel Makronun Ankarada səhər qaçışı edəcəyi barədə məlumatlar sammit başlamazdan əvvəl sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu. Xüsusilə qaçış marşrutu və görüləcək təhlükəsizlik tədbirləri ictimaiyyətin diqqətini cəlb etmişdi.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)