CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - (Foto)

8 İyul 2026 14:26

Azərbaycanın CineMastercard kinoteatrlar şəbəkəsi Avropanın ən nüfuzlu kino sənayesi tədbirlərindən biri olan və hər il İspaniyanın Barselona şəhərində keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib. Bu il sərgi 35 illik yubileyini qeyd edərək dünya kino sənayesinin aparıcı nümayəndələrini bir araya gətirib.

Sərgidə Azərbaycanı CineMastercard (CinemaPlus LLC) kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə təmsil edib. Tədbir çərçivəsində Universal Pictures, Sony Pictures, The Walt Disney Company, Paramount PicturesWarner Bros. kimi dünyanın aparıcı kinostudiyaları ilə qarşıdakı mövsümlərdə nümayiş olunacaq filmlərin prokatına dair müqavilələr imzalanıb.

Sərgidə dünyanın aparıcı Hollivud və Avropa kinostudiyaları, eləcə də kinoteatrlar üçün nəzərdə tutulmuş ən son texnologiyalar və innovativ həllər təqdim olunub. The Film Expo Group tərəfindən təşkil edilən CineEurope, dünyanın 70-dən çox ölkəsini təmsil edən Beynəlxalq Kinoteatrlar İttifaqının (UNIC) rəsmi tədbiridir.

Bununla yanaşı, kino texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərlə görüşlər keçirilib, kinoteatrların inkişaf perspektivləri, innovativ həllər, eləcə də virtual reallıq (VR) və artırılmış reallıq (AR) texnologiyalarının tətbiqi imkanları müzakirə olunub.

CineMastercard Azərbaycanda kino sənayesinin inkişafına töhfə verməyə davam edərək tamaşaçılara dünya premyeralarını beynəlxalq nümayiş tarixləri ilə eyni gündə izləmək imkanı yaradır. Kinoteatrlar şəbəkəsi gələcəkdə də müasir texnologiyaların tətbiqini genişləndirməyi, kinonümayişin keyfiyyətini daha da artırmağı və ziyarətçilərinə yüksək səviyyəli kino təcrübəsi təqdim etməyi qarşısına məqsəd qoyur.