ABŞ Prezidenti Donald Trampın İrana hərbi zərbələrin endirilməsi ilə bağlı qərarı Türkiyədə olduğu vaxt verdiyi iddia olunur.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid Ağ Ev administrasiyasındakı mənbələrə istinadən "X" sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, Donald Tramp NATO sammitində iştirak etmək üçün səfərdə olduğu Ankarada İrana qarşı hərbi əməliyyat planını təsdiqləyərək müvafiq əmri verib.
Bildirilir ki, qərarın qəbulundan əvvəl ABŞ Prezidenti Marko Rubio, Pit Heqset, Skott Bessent və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə müşavirə keçirib.
Xatırladaq ki, ötən gecə Hörmüz boğazı yaxınlığında Qətərə məxsus "Ər-Rukeyyat" adlı neft tankeri vurulub. İran tərəfi hadisənin tanker heyətinin xəbərdarlıqlara əməl etməməsi səbəbindən baş verdiyini bildirib. Bundan sonra ABŞ İran ərazisinə zərbələr endirib.
Daha sonra İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyn və Küveytdə yerləşən 85 hərbi obyektinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.
Qeyd edək ki, NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşü bu gün də işini davam etdirir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)