Bu yay Duzlu gölə və palçıq vannalarına gedənlərə XƏBƏRDARLIQ

8 İyul 2026 11:00

Paytaxtın Suraxanı rayonu ərazisində, Hövsan-Zığ yolu boyunca yerləşən "Duzlu göl" yay mövsümündə çoxsaylı insanların üz tutduğu məkanlardan biridir.

Milli.Az xəbər verir ki, buraya gələnlərin əksəriyyəti gölün palçığının müxtəlif ağrıların azalmasına kömək etdiyini düşünür. Bununla belə, mütəxəssislər bu üsuldan həkim məsləhəti olmadan istifadə etməyin sağlamlıq üçün təhlükə yarada biləcəyini bildirirlər.

Gölə uzun illərdir gələn sakinlərdən birinin sözlərinə görə, 2014-cü ildən bəri palçıq müalicəsindən faydalanır və bunun nəticəsində ağrılarının nəzərəçarpacaq dərəcədə azaldığını hiss edir. Onun sözlərinə görə, əvvəllər qış aylarında hər gün ağrıdan əziyyət çəksə də, indi bəzən həftələrlə, hətta bir ay ərzində heç bir narahatlıq yaşamır.

Digər bir sakin isə artıq 30 ildir bu göldən istifadə etdiyini bildirərək, palçığın böyrək, qaraciyər və sümük ağrıları da daxil olmaqla müxtəlif sağlamlıq problemlərinə müsbət təsir göstərdiyini qeyd edir.

Məsələ ilə bağlı həkim İradə Hacıyevanın fikrincə isə, palçıq müalicəsinə başlamazdan əvvəl tibbi müayinədən keçmək vacibdir.

O qeyd edib ki, palçığın tərkibi laboratoriyada yoxlanılmayıbsa və həkim MRT nəticələrinə əsasən belə bir müalicəni məsləhət görməyibsə, bu üsul bəzi xəstəliklərdə ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə onurğa yırtığı, protruziya və ya onkoloji xəstəliklər zamanı həkim nəzarəti olmadan palçıqdan istifadə vəziyyəti daha da ağırlaşdıra bilər. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)