Türkiyənin uzun illərdir reytinq liderləri sırasında yer alan "Arka Sokaklar" serialı ilə bağlı yeni iddialar gündəmə gəlib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin istehsalını həyata keçirən "D Media" şirkətinin fəaliyyətini dayandıracağı bildirilir. İddialara əsasən, bu səbəbdən serialın gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb.
Xatırladılır ki, mərhum prodüser Türker İnanoğlu 2023-cü ildə vəfat etməzdən bir il əvvəl layihənin istehsalını "Kanal D"nin daxili media şirkəti olan "D Media"ya həvalə etmişdi.
Bildirilir ki, son həftələrdə şirkət yaradıcı heyətə və aktyorlara serialın sentyabr ayında davam edib-etməyəcəyinin hələ də dəqiqləşmədiyini açıqlayıb. Bu qeyri-müəyyənlik səbəbindən bəzi aktyorlar artıq digər layihələrdə rol almaq üçün müqavilə imzalayıblar.
Türkiyə mediasının yaydığı son məlumata görə, rəhbərlik tamaşaçıların böyük marağını nəzərə alaraq "Arka Sokaklar"ın final etməməsi üçün müxtəlif variantları dəyərləndirir. Hazırda serialın istehsal hüququnun başqa bir şirkətə verilməsi ehtimalı üzərində danışıqlar aparılır.
Hələlik yeni layihələrlə razılıq əldə etməyən aktyorlardan isə bir neçə həftə gözləmələri istənilib.
Qeyd edək ki, "Arka Sokaklar"ın 21-ci mövsümünün çəkilib-çəkilməyəcəyi ilə bağlı yekun qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)