Türkiyənin Edremit rayonunda baş verən ağır yol qəzası iki nəfərin ölümü ilə nəticələnib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, idarəetmədən çıxan avtomobil çay yatağına aşıb, nəqliyyat vasitəsində olan üç nəfərdən ikisi həyatını itirib, biri isə yaralanıb.
Hadisə Altınkum məhəlləsi ərazisində, Dalyan Son Durak yaxınlığında qeydə alınıb. Patrul xidməti aparan polis əməkdaşları çay yatağından gələn kömək səslərini eşidərək hadisə yerinə yaxınlaşıblar. Onlar yaralı vəziyyətdə olan 24 yaşlı B.K.-nı aşkar ediblər.
B.K. polisə avtomobildə daha iki nəfərin qaldığını və onların nəqliyyat vasitəsindən çıxa bilmədiyini bildirib. Bundan sonra hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. Xilasetmə əməliyyatı nəticəsində avtomobil çay yatağından çıxarılıb.
Tibb işçilərinin ilkin müayinəsi zamanı 26 yaşlı Serkan B. və Gizem K.-nın hadisə yerində həyatını itirdiyi müəyyən edilib. Yaralanan B.K. isə ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib.
Faktla bağlı prokurorluq və hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb. Qəzanın başvermə səbəbləri araşdırılır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)