Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

7 İyul 2026 19:40

Avtomobildən gələn qeyri-adi səslər əksər hallarda texniki nasazlığın əlamətidir. Bu səslər hissələrin aşınması, boşalması və ya sürtünməsi nəticəsində yarana bilər. Belə vəziyyətdə sürücü servisə qədər hərəkəti davam etdirməyin, yoxsa avtomobili saxlayıb evakuator çağırmağın daha təhlükəsiz olduğunu müəyyən etməlidir.

Milli.Az xəbər verir ki, rusiyalı avtomobil eksperti Nikita Arxipov bildirir ki, səsin hansı şəraitdə yarandığını müəyyən etmək vacibdir. Mühərrik dövriyyəsi ilə artan səslər motor və kəmərlərlə, sürətlə güclənən uğultu isə təkər yastıqları, əyləc sistemi və ya transmissiya ilə bağlı nasazlıqdan xəbər verə bilər. Nahamar yolda eşidilən tıqqıltılar isə əsasən asqı və sükan sistemindəki problemlərlə əlaqələndirilir.

Ekspert qeyd edir ki, güclü metal döyüntüsü, davamlı fit səsi, yanmış rezin qoxusu və ya idarəetmədə çətinlik yaranarsa, avtomobili dərhal saxlamaq lazımdır. Səs zəifdirsə və avtomobil normal işləyirsə, ehtiyatla servisə qədər getmək mümkündür. Problemin daha tez müəyyən edilməsi üçün isə səsi videoya çəkmək faydalıdır.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)