Belçika ABŞ-ni darmadağın edərək 1/4 finala yüksəldi

7 İyul 2026 08:53

ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi 2026-cı il futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin növbəti qarşılaşması baş tutub.

Milli.Az xəbər verir ki, Sietl stadionunda keçirilən oyunda Belçika millisi ABŞ yığması ilə üz-üzə gəlib. Qarşılaşma Avropa təmsilçisinin 4:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Belçikanın heyətində Şarl de Ketelare 9 və 33-cü dəqiqələrdə dubl edib. Daha sonra Hans Vanaken 57-ci dəqiqədə fərqlənib. Oyunda son nöqtəni isə əlavə olunmuş vaxtda Romelu Lukaku qoyub. ABŞ millisinin yeganə qolunu isə 31-ci dəqiqədə Malik Tillman vurub.

Bu nəticə ilə Belçika dünya çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb. Komanda növbəti raundda İspaniya millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç və İspaniya yığmaları da 1/4 finala yüksəlmişdilər. Dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)