Mesajınızı "oxundu" edib cavab verməyən insanların 4 ortaq xüsusiyyəti

6 İyul 2026 23:39

Smartfonlar və ani mesajlaşma tətbiqləri həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, gətirdikləri "mavi ox" və ya "görüldü" funksiyaları insan münasibətlərində yeni böhranlara yol açır. Cavab gözlənilən bir mesajın cavabsız qalması qarşı tərəfdə şübhə, kənarlaşdırılma və rədd edilmə hissi yaradır. Psixoloqlar bu davranışı vərdiş halına gətirən insanların əslində oxşar xarakter strukturlarına malik olduğunu bildirirlər.

Milli.Az xəbər verir ki, mesaj göndərdiyiniz şəxsin mesajı oxuduğunu görmək, lakin heç bir cavab ala bilməmək... Rəqəmsal dövrün ən böyük gərginliklərindən biri olan "görüldü etmə" vərdişi psixoloqlar tərəfindən araşdırılıb. Mesajları "oxundu" kimi işarələyib sükuta bürünən insanların şəxsiyyət analizində ortaya çıxan 4 ortaq xüsusiyyət bunlardır:

Təxirəsalma meyili (Yorğunluq)
Bu insanların ən bariz ortaq xüsusiyyəti eyni anda çoxlu tapşırığı idarə etməyə çalışmaları və zehni olaraq tez yorulmalarıdır. Mesajınızı maraq etdikləri üçün dərhal açırlar, lakin həmin an başqa bir işlə məşğul olduqları və ya zehni enerjiləri tükəndiyi üçün "Buna sonra ətraflı cavab yazaram" deyərək təxirə salırlar. Psixoloqlar bildirirlər ki, bu, şəxsi düşmənçilikdən çox, müasir dünyanın gətirdiyi rəqəmsal yorğunluq və zəif zaman idarəçiliyi ilə bağlıdır.

Sosial narahatlıq və qaçınma davranışı
Mesajı oxuyub cavab verməyən bir çox insanın arxasında sosial anksiyete (həyəcan) və ya "qaçınma" yönümlü bir şəxsiyyət quruluşu dayanır. Xüsusilə mesajın məzmunu ciddi bir qərar, üzləşmə və ya məsuliyyət tələb edirsə, bu insanlar streslə dərhal üzləşmək əvəzinə, mesajı cavabsız buraxaraq özlərini qorumağa çalışırlar. Cavab verməyi gecikdirərək mümkün bir gərginlikdən və ya sosial qarşılıqlı münasibətdən qaçmağı bir müdafiə mexanizmi kimi istifadə edirlər.

Həddindən artıq mükəmməllik tələbi
Qəribədir ki, bu vərdişə sahib insanların bir qismi əslində sizə çox dəyər verdiyi üçün susur. Mükəmməllikçi bir quruluşa sahib olan bu şəxslər üstün-körpü, qısa və ya natamam bir mesaj yazmaqdan nifrət edirlər. Sizə ən düzgün, ən dəqiq və ən qüsursuz cavabı vermək istədikləri üçün uyğun zamanı və doğru sözləri tapana qədər mesajınızı "oxundu" vəziyyətində saxlayırlar. Lakin bu müddət uzandıqca, qarşı tərəfdə yaratdıqları narahatlığın fərqinə varmırlar.

 Rəqəmsal sərhədlər qoymaq və texnologiyaya qarşı laqeydlik
Bu qrupdakı insanlar telefon kodlarına və rəqəmsal dünyanın yazılmamış qaydalarına qarşı ya çox laqeyddirlər, ya da bilərəkdən buna qarşı bir reaksiya formalaşdırıblar. Mesajın altındakı "Oxundu" ifadəsinin qarşı tərəfdə yaradacağı ağırlığı, şübhəni və ya nəzakət qaydasını önəmsəmirlər. Öz rahatlıqlarını, dincəlmə vaxtlarını və ya həmin an fokuslandıqları işi qorumaq üçün telefon ekranı ilə aralarına sərt və bəzən eqoist sərhədlər qoyurlar. Texnologiyanın onları kölələşdirməsinə icazə verməyərkən, fərqində olmadan ikili münasibətlərinə zərər vururlar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)