Meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasını istəyən bir çox insan fərqli saxlama üsullarına müraciət edir. Son dövrlər diqqət çəkən üsullardan biri də soyuducuya bir rulon tualet kağızı yerləşdirməkdir. İddiaya görə, tualet kağızı mühitdəki artıq nəmi özünə çəkərək qidaların daha uzun müddət təzə qalmasına kömək edir.
Milli.Az xəbər verir ki, mütəxəssislərə görə, kağız məhsulları müəyyən miqdarda nəmi çəkmək xüsusiyyətinə malikdir. Bu səbəbdən, soyuducudakı artıq nəmin bir hissəsini çəkərək kondensasiyanın (tərləmənin) azalmasına kömək edə bilər. Ancaq bu təsirin məhdud olduğu və kağızın mütəmadi olaraq dəyişdirilməsi lazım olduğu vurğulanır.
Soyuducudakı yüksək rütubət bəzi meyvə və tərəvəzlərin yumşalmasına və kiflənməsinə səbəb ola bilər. Nəmin tarazlanması, düzgün saxlama şərtləri ilə birlikdə tətbiq edildikdə, məhsulların təzəliyinin daha uzun müddət qorunmasına kömək edə bilər.
Qida mütəxəssisləri vurğulayırlar ki, tualet kağızı üsulunu möcüzəvi bir həll kimi görmək olmaz. Meyvə və tərəvəzlərin növünə uyğun temperaturda saxlanılması, düzgün qablaşdırma və soyuducunun müntəzəm təmizlənməsi çox daha vacibdir.
Soyuducuya qoyulacaq rulonun təmiz və istifadə olunmamış olması vacibdir. Həmçinin, nəmlənən kağızın müəyyən aralıqlarla yenisi ilə əvəz edilməsi tövsiyə olunur.
Mütəxəssislər bildirirlər ki, qida israfını azaltmağın ən effektiv yolu doğru saxlama qaydalarına əməl etməkdir. Meyvə və tərəvəzlərin uyğun gözlərdə saxlanılması, hava dövranının təmin edilməsi və nəmin nəzarətdə saxlanılması məhsulların təzəliyini qorumağa kömək edəcəkdir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)