Səbuhi Rəcəbə hökm oxundu - Dünya çempionu azadlıqda qaldı

6 İyul 2026 17:18

Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəb və kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin cinayət işi üzrə iki ildir gedən məhkəmə araşdırması başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, müttəhimlər ikisi də külli miqdarda dələduzluqda təqsirli bilinib.

Səbuhi Rəcəbə əvvəlki cinayətdən 7 il 6 aylıq cəzası birləşdirilməklə 8 il 2 ay həbs cəzası, Elman Mirzəyevə isə şərti cəza verilib. Çempion azadlıqda qalıb.

Qeyd edək ki, Səbuhi Rəcəb bir neçə il əvvəl 3 nəfərə qarşı dələduzluğa görə məhkum edilib. Hazırda həbsdədir.

Bu dəfə isə o, 2021-ci ildə gəlinini amansızlıqla öldürən 75 yaşlı İdris Məhərrəmovun yaxınlarını aldatmaqda ittiham olunur. İş materiallarında qeyd olunub ki, o, İ.Məhərrəmovun ev dustaqlığına buraxılması və yekunda yüngül cəza almasına kömək etmək adı ilə 155 min manat pul alıb. Sonradan Məhərrəmov 18 il azadlıqdan məhrum edilib.

Səbuhi Rəcəbin Elman Mirzəyevlə birgə cinayəti isə maşın alqı-satqısı ilə bağlıdır. İttihamda bildirilib ki, idmançılar əlbir olaraq zərərçəkmiş şəxslərdən birinə dəyərindən artıq "Range Rover" və "Bentley" markalı avtomobillər gətirəcəkləri ilə bağlı yalan vəd verərək külli miqdarda pul ələ keçiriblər. E.Mirzəyev əvvəl həbs edilsə də, sonradan ev dustaqlığına buraxılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)