Milli Mətbuat Günü münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən 2-3 iyul tarixlərində media nümayəndələri üçün media tur təşkil olunub.
Milli.Az xəbər verir ki, səfərin məqsədi bölgələrdə fəaliyyət göstərən fermerlərin əməyini, aqrar sahədə tətbiq olunan innovativ yanaşmaları, dövlət dəstəyi ilə həyata keçirilən layihələri və yerli istehsalın inkişafını ictimaiyyətə daha yaxından tanıtmaq olub.
Mediatur çərçivəsində iştirakçılar Lənkəran rayonunda "Şəhərdən Kəndə" layihəsi çərçivəsində dəstək göstərilən "Arıçılıq Muzeyi", "Leynə Co" və "Citrus Valley" təsərrüfatlarını ziyarət edərək burada həyata keçirilən fəaliyyətlə yerində tanış olub, fermerlərlə görüşüblər.
İki gün davam edən səfər zamanı media nümayəndələri regionun aqrar potensialı ilə yaxından tanış olaraq, yerli təsərrüfatların fəaliyyəti, istehsal imkanları və inkişaf perspektivləri barədə ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, mediaturun əsas məqsədlərindən biri kənd təsərrüfatı sahəsində görülən işlərin mediada daha geniş işıqlandırılmasına töhfə vermək, kəndlə şəhər arasında informasiya körpüsünü möhkəmləndirmək və medianın aqrar sahənin inkişafındakı rolunu daha da gücləndirməkdir.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)