Antalyada gözəlləşmək istəyən qadını görün nə günə saldılar - (Foto)

6 İyul 2026 18:15

Türkiyənin Antalya şəhərində estetik prosedurdan sonra dodağında ciddi toxuma itkisi yaranan 47 yaşlı Songül Uzunoğlunun hüquqi mübarizəsi yeddi ildir davam edir.

Milli.Az musavat.com-a istinadən bildirir ki,  üç uşaq anası olan Uzunoğlu 2019-cu ildə özəl estetik mərkəzdə göz altı nahiyəsi üçün müraciət etsə də, müxtəlif tarixlərdə ümumilikdə dörd prosedur keçirib.

Son əməliyyatdan sonra onun dodağında toxuma itkisi yaranıb və sonrakı illərdə bir neçə rekonstruktiv əməliyyat keçirməli olub.

Uzunoğlu bildirib ki, prosedur zamanı dodağını qidalandıran əsas damarın zədələnməsi nəticəsində həyat keyfiyyəti ciddi şəkildə pisləşib. O, gülümsəməkdə, yemək yeməkdə çətinlik çəkdiyini və hələ də tam sağalmadığını deyib.

Hadisə ilə bağlı açılan cinayət işində təqsirləndirilən həkimlər bəraət alsalar da, Antalya 1-ci İstehlak Məhkəməsi Uzunoğlunun xeyrinə 994 min 331 lirə maddi və mənəvi təzminat ödənilməsi barədə qərar çıxarıb.

Lakin hər iki tərəfin apellyasiya şikayətindən sonra iş yenidən baxılması üçün məhkəməyə qaytarılıb və hüquqi proses hazırda davam edir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)