Dəniz suyunun saçlara vurduğu zərər

6 İyul 2026 16:27

Dəniz suyunda olan duz saç sağlamlığına mənfi təsir göstərə bilər.

Milli.Az xəbər verir ki, dəniz suyu mineral və duzlarla zəngin olduğundan saç telinə daxil olaraq onun strukturundakı nəmi özünə çəkir. Bu isə saçın qoruyucu təbəqəsinin (kutikula) zədələnməsinə, elastikliyini itirməsinə və daha asan qırılmasına səbəb olur.

Bundan başqa, saçda qalan duz kristalları günəş şüaları altında "mikro-linza" effekti yaradır. Günəş o duzlar vasitəsilə saçları daxildən yandırır və qocaldır. 

Mütəxəssislər dənizdən çıxdıqdan dərhal sonra saçların şirin su ilə yuyulmasını tövsiyə edirlər. Qeyd olunur ki, duz tam təmizlənmədən saçın üzərinə hər hansı qulluq məhsulu vurmaq düzgün deyil.

Həmçinin saçın dəsmalla bərk sürtülməməsi, artıq suyun ehtiyatla sıxılması, daha sonra isə UV-filtrli termoqoruyucu spreydən istifadə edilməsi məsləhət görülür. Küləkli havalarda saçın dolaşıb qırılmaması üçün onu yumşaq şəkildə toplamaq və ya hörmək tövsiyə edilir.

Qeyd olunur ki, günün sonunda isə saçların şampunla yuyulması, 5-10 dəqiqə nəmləndirici maska tətbiq edilməsi və kondisionerdən istifadə olunması saçın bərpasına kömək edə bilər.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)