Türkiyədə 21 yaşlı vəkil faciəvi şəkildə öldü - (Foto)

6 İyul 2026 14:10

Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi gənc vəkilin həyatına son qoyub.

Milli.Az musavat.com-a istinadən bildirir ki,  hadisə D-400 magistral yolunda qeydə alınıb.

Məlumata görə, yolu keçməyə çalışan 21 yaşlı vəkil Tuğçe Şen Uğur D.-nin idarə etdiyi 27 AOU 439 dövlət nömrə nişanlı avtomobilin vurması nəticəsində ağır xəsarət alıb.

Hadisə şahidlərinin məlumatı əsasında əraziyə 112 Təcili Tibbi Yardım briqadaları və polis əməkdaşları cəlb edilib. İlk tibbi yardım göstərildikdən sonra Tuğçe Şen Erdemli Dövlət Xəstəxanasına çatdırılıb. Daha sonra vəziyyətinin ağır olması səbəbindən Mersin Şəhər Təlim və Araşdırma Xəstəxanasına köçürülsə də, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzadan sonra hadisə yerindən qaçan sürücü Uğur D. polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə saxlanılaraq nəzarətə götürülüb.

Faktla bağlı cinayət işi üzrə istintaq davam etdirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)