Sabah hava yağışlı olacaq, şimal-qərb küləyi əsəcək

6 İyul 2026 13:10

Azərbaycanda iyulun 7-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi şimal və qərb rayonlarında yağıntıların güclənəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 18-23, bəzi yerlərdə 25-29 dərəcə isti olacağı bildirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)