Ronaldudan milyonları kədərləndirən sözlər

6 İyul 2026 12:01

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu 2026-cı il futbol üzrə dünya çempionatının karyerasındakı son mundial olacağını açıqlayıb.

Milli.Az-ın məlumatına görə, təcrübəli hücumçu bildirib ki, turnirin hər anından zövq almağa çalışır və bu mundial onun üçün xüsusi əhəmiyyət daşıyır.

Oyunçunun sözlərini jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində bölüşüb.

"Bu mənim sonuncu dünya çempionatım olacaq. Sonda yadda qalan məhz insanlardır. Bizi sevən, bizimlə çalışan və birlikdə unudulmaz anlar yaşayan insanlar ən böyük xatirələrdir. Buna görə də hər anın dadını çıxarmaq lazımdır", - deyə Kriştianu Ronaldu bildirib.

Mətbuat konfransı zamanı futbolçu ilə jurnalist Marselo Bexler arasında maraqlı dialoq da yaşanıb. Kriştianu Ronaldu əvvəlcə jurnalistin onu sevmədiyini zarafatla dilə gətirib və ona sual verməsinə icazə verib.

Marselo Bexler 41 yaşında dünya çempionatında çıxış etməyin ən çətin tərəfini soruşduqda, Kriştianu Ronaldu gülümsəyərək "Ən çətin tərəfi bəzi jurnalistlərlə danışmaqdır, xüsusilə də məni sevməyənlərlə" cavabını verib. O, insanların simasını yaxşı xatırladığını və bunu heç vaxt unutmadığını da əlavə edib.

Qeyd edək ki, Kriştianu Ronaldu UEFA Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və UEFA Millətlər Liqasının ikiqat qalibidir. O, həmçinin milli komandalar, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatlarında vurduğu qolların sayına görə rekordçudur.

Hazırda Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun formasını geyinən Kriştianu Ronaldu daha əvvəl "Sportinq", "Mançester Yunayted", "Real Madrid" və "Yuventus" klublarında çıxış edib. Portuqaliyalı ulduz karyerası ərzində beş dəfə "Qızıl top" mükafatına layiq görülüb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)