Bu resept badımcana tamamilə fərqli və xırtıltılı bir ləzzət qatır. Hazırlanması asan, görünüşü isə çox iştahaaçandır.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
3 ədəd badımcan
Duz və qara istiot (zövqə görə)
Bulamaq üçün: Qarğıdalı unu
Qızartmaq üçün: Bitki yağı
Servis üçün:
1 stəkan süzmə qatıq
1 diş sarımsaq
Yarım çay qaşığı duz
10 ədəd çeri pomidoru
1 ədəd qırmızı soğan
Bir dəstə cəfəri
1 çay qaşığı sumaq
1 xörək qaşığı zeytun yağı
Hazırlanması:
Badımcanları bıçaqla bir neçə yerindən deşin. Soba qabına yığıb əvvəlcədən 200 dərəcəyədək isidilmiş sobada yarım saat közləyin.
Közlənmiş badımcanların istisi çıxdıqdan sonra qabıqlarını soyun. Badımcanları çəngəllə əzərək yelpəyəbənzər şəkildə açın.
Üzərinə bir az duz və qara istiot səpin. Sonra badımcanların hər iki tərəfini qarğıdalı ununa batırın (qarğıdalı unu badımcanın kənarlarının xırtıltılı olmasını təmin edəcək).
Tavada yağı yaxşıca qızdırın (yağın yaxşı isinmiş olması badımcanın artıq yağ çəkməməsi üçün vacibdir). Badımcanları hər iki üzü qızılı rəng alana qədər qızardın.
Servis qabının dibinə əzilmiş sarımsaqla qarışdırdığınız süzmə qatığı yayın. Üzərinə qızardılmış badımcanları yerləşdirin.
Doğranmış çeri pomidoru, qırmızı soğan, cəfəri, sumaq və zeytun yağı ilə hazırladığınız salatı badımcanların üzərinə qoyaraq servis edin.
Nuş olsun!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)