Parlaq görünüşü, hamar teksturası və axıcı qıvamı ilə kekslərdən tortlara, vafli və dondurmaya qədər bir çox şirniyyata mükəmməl uyğun gələn bu sousu evdə hazırlamaq çox asandır. İsti istifadə etdikdə axıcı, soyuduqda isə qaşıqla servis ediləcək qədər qatı olan bu resept şokoladsevərlərin favoritinə çevriləcək.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
2 stəkan süd
2 xörək qaşığı kakao
2 xörək qaşığı toz şəkər
1 xörək qaşığı un
1 xörək qaşığı qarğıdalı nişastası
80 qram tünd (bitter) şokolad
1 xörək qaşığı kərə yağı
1 paket vanilin
Bir çimdik duz
Necə hazırlanır?
Südü qazana tökün, üzərinə kakao, toz şəkər, un və qarğıdalı nişastasını əlavə edib çırpma teli ilə düyün qalmayana qədər qarışdırın.
Qazanı orta oda qoyun və qarışığı dayanmadan qarışdıraraq qatılaşana qədər bişirin.
Qarışıq qaynara düşdükdən sonra 1-2 dəqiqə də qarışdıraraq bişirməyə davam edin.
Qazı söndürdükdən sonra içərisinə kiçik hissələrə bölünmüş tünd şokoladı əlavə edin və tamamilə əriyənə qədər qarışdırın.
Sonda kərə yağı, vanilin və bir çimdik duzu əlavə edib sous parlaq bir görünüş alana qədər qarışdırın.
Daha axıcı bir sous istəyirsinizsə, 2-3 xörək qaşığı isti süd əlavə edə bilərsiniz.
İlıq və ya tam soyuduqdan sonra keks, tort, dondurma, vafli, pankek və ya meyvələrin üzərinə tökərək servis edə bilərsiniz. Nuş olsun!
Kakao, un və nişastanı südə əlavə etməzdən əvvəl ələkdən keçirin.
Sousu bişirərkən daim qarışdırın.
Tünd şokoladı və kərə yağını ocaqdan götürdükdən sonra əlavə etmək sousun daha parlaq və ipək kimi olmasına kömək edir.
Sousun üzərində qabıq yaranmaması üçün soyuyana qədər ara-sıra qarışdırın və ya üzərinə streç filmi (sousa toxunacaq şəkildə) örtün.
Sous soyuduqca qatılaşacaq, buna görə istifadə yerinə görə qıvamını isti süd əlavə edərək tənzimləyə bilərsiniz.
İstəyə görə südü laktozasız süd, badam südü və ya yulaf südü ilə əvəz edərək fərqli variantlar hazırlaya bilərsiniz.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)