Bir dövr aviasiyanın ən böyük nailiyyətlərindən hesab olunan "Concorde" sərnişin təyyarəsi sürəti və texnoloji üstünlükləri ilə dünyanı heyrətləndirmişdi. Səs sürətini iki dəfə üstələyən bu əfsanəvi hava gəmisi transatlantik uçuşların müddətini rekord səviyyəyə endirmişdi.
Milli.Az xəbər verir ki, "Concorde" ilə London-Nyu-York marşrutunu cəmi 3,5 saata qət etmək mümkün idi. Hətta saat fərqinə görə bəzi hallarda sərnişinlər təyinat məntəqəsinə havaya qalxdıqları vaxtdan daha tez çatmış kimi görünürdülər.
Lakin bu möhtəşəm layihənin ömrü uzun olmadı. Təyyarənin həddindən artıq yanacaq sərf etməsi, istismar xərclərinin çox yüksək olması və yaratdığı səs-küy onun istifadəsini çətinləşdirirdi.
2000-ci ildə baş verən və 113 nəfərin həyatına son qoyan faciəli qəza isə "Concorde"un taleyində dönüş nöqtəsi oldu. Ardınca 11 sentyabr terror hadisələrindən sonra aviasiya sektorunda yaranan böhran da layihəyə ciddi təsir göstərdi.
Nəticədə 2003-cü ildə "Concorde" rəsmi olaraq istismardan çıxarıldı. Bu gün artıq səmalarda görünməsə də, o, aviasiya tarixində ən cəsarətli və innovativ mühəndislik layihələrindən biri kimi xatırlanır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)